d
Follow us
HÖRMƏTLİ HƏMKARLAR!

AZKLMİB olaraq 2024-cü ilin uğurlu keçdiyini söyləyə bilərik. Sizlərlə birlikdə 2024-cü ildə həyata keçirməyi planladığımız bütün hədəflərə nail olmağın qürurunu yaşayırıq. İl boyu reallaşdırdığımız, bir-birindən aktual mövzulara həsr olunan vebinarlar, üz-üzə toplantılarla yanaşı, Elmi Cəmiyyətimiz tərəfindən iki böyük Konqres uğurla təşkil olundu.

02-04 May 2024-cü il tarixlərində Baku Fairmont Hotel Flame Towers-də 600-dən çox iştirakçı ilə keçirilən 2-ci Beynəlxalq Azərbaycan Laborator Tibb Konqresi & Lab Expo-nun (AZLTK & LAB EXPO 2024) mottosu “Yaşıl dünya naminə həmrəylik ilində yaşıl və davamlı laboratoriyalar üçün…” idi. Bu şüarı heç də təsadüfi seçməmişdik. Laborator tibb ictimaiyyətı olaraq  əsas məqsədimiz Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında 25 dekabr 2023-cü il tarixli Sərəncamından irəli gələn məsələlərə, həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un Azərbaycanda keçirilməsinə töhfə vermək idi. Eyni zamanda “Yaşıl dünya naminə həmrəylik ili”nin geniş maarifləndirmə fürsətindən yararlanaraq Avropa Klinik Kimya və Laborator Tibb Federasiyasının (EFLM) “Yaşıl və davamlı labratoriyalar” layihəsi çərçivəsində ölkəmizdə atılmasını əhəmiyyətli gördüyümüz addımları həmkarlarımızın və maraqlı tərəflərin müzakirəsinə çıxara bildik. Konqres çərçivəsində təşkil etdiyimiz və artıq ənənəyə çevrilən Lab Expo dünya laborator tibb sənayesinin 30-dək təmsilçisini çoxsaylı laborator tibb mütəxəssisləri ilə bir araya gətirdi. Bu möhtəşəm laborator tibb sərgisi təmsilçi şirkətlər üçün yeni imkanlar yaratdı, yeni üfüqlər açdı. Lab Expo-nun müasir laborator tibb texnologiyalarının ölkəmizə idxalına ciddi təkan verəcəyinə inanırıq.

Ötən ilin sonunda Türkiyə Transplantasiya İmmunologiyası və Genetikası Dərnəyi və Azərbaycan Daxili Xəstəliklər Dərnəyi ilə birlikdə Bakıda, Yeni Klinikada 200-dən çox iştirakçı ilə ölkəmizdə ilk dəfə “Transplantasiyada Yeniliklər,  İmmunologiya və Genetika Konqresi”ni keçirməyə nail olduq.  Laboratoriya mütəxəssislərini klinisistlər və tədqiqatçılarla bir araya gətirmək məqsədi daşıyan bu Konqresdə ölkəmiz üçün mühüm aktuallıq kəsb edən solid orqan və kök hüceyrə/sümük iliyi transplantasiyasında ən son immunoloji və immunogenetik inkişaflar, onların klinikaya təsiri, texniki detallar, eləcə də mövcud problemlər və həll yolları müzakirə edildi.

IFCC və EFLM-nin tam hüquqlu üzvü olan AZKLMİB Beynəlxalq əlaqələrinə də mühüm əhəmiyyət vermiş, məqsədyönlü fəaliyyətlər həyata keçirilmişdir. Bu fəaliyyətimizin məntiqi nəticəsi olaraq 2024-cü ilin sonlarında qürurverici bir xəbər aldıq. AZKLMİB üzvləri EFLM tərəfindən Prof. Vik Blaton’un xatirəsinə həsr olunmuş təqaüd proqramlarına müraciət üçün haqq qazanmışdır.

Azərbaycan Respublikasında İcbari Tibbi Sığorta modelinin uğurlu tətbiqi laborator tibb sahəsinə olan tələbatı əhəmiyyətli dərəcədə artırdığından AZKLMİB-dən də üzvlərinin davamlı tibbi təhsili baxımından mühüm addımlar və məqsədyönlü fəaliyyət tələb olunur. Üzvlərimizdən daxil olan çoxsaylı təşəkkür məktublarında ifadə edilən məmnuniyyət mesajları bizi daha da ruhlandırır, daha böyük əzm və həvəslə çalışmağımız üçün ilham mənbəyinə çevrilir. AZKLMİB olaraq qət edilmiş hədəflərin məsuliyyəti və üzvlərimizdən aldığımız ilham ilə 3-cü beynəlxalq konqresimizin keçirilməsinə daha böyük həvəs və səy ilə hazırlaşırıq.

Beləliklə, AZKLMİB tərəfindən təşkil olunacaq 3-cü Beynəlxalq Azərbaycan Laborator Tibb Konqresi & Lab Expo-nun (AZLTK & LAB EXPO 2025) 01-03 May 2025-ci il tarixlərində Baku Marriott Hotel Boulevard-da keçiriləcəyini məmnuniyyət hissi ilə elan edirik.

Bu ilki konqresimiz “Suveren Azərbaycan naminə!” mottosu/şüarı ilə keçiriləcəkdir. 

2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü qeyd olunacaq. Bununla da Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə əlaqədar olaraq üzərimizə düşən məsuliyyəti dərk etdiyimizi, laborator tibb sahəsinin mütəxəssisləri olaraq suveren və gücü Azərbaycan səhiyyəsi üçün bütün səylərimizi birləşdircəyimizi bəyan edirik.

3-cü Beynəlxalq Azərbaycan Laborator Tibb Konqresi & Lab Expo-nun Elmi Panelləri ənənəvi olaraq Türkiyənin KBUD, KLİMUD dərnəklərinin, eləcə də üzvü olduğumuz beynəlxalq və Avropa federasiyalarının dəstəyi və bilavasitə iştirakı ilə təşkil olunacaqdır. Bu Konqresdə də Azərbaycanda laborator tibb sahəsinin inkişafına mühüm töhfələr vermiş görkəmli elm xadimlərinin xatirəsi unudulmayacaq, gənc kadrlarımızın elmi işlərini dəstəkləmək məqsədilə adlı mükafatlar təsis ediləcək. Gənclərimizdən elmi işlərinin tezisləri ilə konqresdə aktiv iştiraklarını gözləyirik.

Hörmətli həmkarlar!

AZLTK & LAB EXPO 2025-də Bokimya, Mikrobiologiya, İmmunologiya, Patologiya, Genetika sahələrini əhatə edən, bir-birindən maraqlı simpozium, panel məruzələr və konfranslar yer alacaqdır. Konqres iştirakçıları üçün maraqlı sosial proqramların təşkil olunması da nəzərdə tutulur.

Konqreslə bağlı əsas məlumatlar vaxtaşırı olaraq Konqresin www.azltk2025.org  rəsmi saytından və AZKLMİB sosial media hesablarından paylaşılacaqdır.

Ərazi bütövlüyünü və Dövlət Suverenliyini tam bərpa etmiş müstəqil və güclü Azərbaycanın qürurlu vətəndaşları olaraq hamınızı Konqresin işində aktiv iştirak etməyə dəvət edirik!

“Suveren Azərbaycan naminə!”  

 

Hörmətlə,

 Konqresin həmsədrləri

Prof. Dr. Arif Əfəndiyev, Dos. Dr. Ramin Bayramlı